30 November 2019

Cənub Qaz Dəhlizinin əsas həlqəsi olan TANAP-ın Avropaya bağlantısı gerçəkləşdi

Back to news

Cənub Qaz Dəhlizinin əsas həlqəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin (TANAP) Avropaya bağlantısı üzrə açılış mərasimi Ədirnə İpsaladakı TANAP MS4 ölçmə məntəqəsində keçirildi. Beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Qaxariya, Türkiyə, Qətər, Şimali Makedoniya və Bolqarıstanın nazirləri, İtaliya, Yunanistan, Bosniya və Herseqovina, Serbiya və Avropa İttifaqının rəsmiləri, SOCAR, BOTAŞ və BP rəhbərləri ilə yanaşı iş dünyasının tanınmış nümayəndələri də iştirak etdilər.
Azərbaycan və Türkiyənin enerji sahəsində strateji əməkdaşlığının ən mühüm layihələrindən olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin Avropaya təbii qazın nəqli üçün tam hazır vəziyyətə gətirilməsi münasibətilə Ədirnə İpsaladakı MS-4 ölçmə məntəqəsində beynəlxalq tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşrif buyurduqları mərasimdə, Gürcüstanın baş naziri Georgi Qaxariya, Türkiyə, Qətər, Şimali Makedoniya və Bolqarıstanın nazirləri, İtaliya, Yunanistan, Bosniya və Herseqovina, Serbiya və Avropa İttifaqının rəsmiləri, SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev, layihənin tərəfdaşları olan BP ve BOTAŞ şirkətlərinin rəhbərləri və Cənub Qaz Dəhlizinə daxil olan ölkələrin sektor nümayəndələri də iştirak etmişdir.

Mərasimdə çıxış edən SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev dedi: “Keçən il Cənub Qaz Dəhlizinin və onun əsas həlqəsi olan TANAP-ın birinci hissəsini istifadəyə verdik. Bu gün isə TANAP Avropaya qazın nəqli üçün tam hazırdır. Türkiyə Cümhuriyyətinin şərqindən qərbinədək uzanan bu tarixi kommunikasiya xəttinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılmışdır. Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək Transadriatik qaz boru kəmərinin (TAP) də inşası tamamlandıqdan sonra, tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaqdır. Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik.

Biz ortaq şirkətlərlə birlikdə üzərimizə götürdüyümüz bu nəhəng layihəni layiqincə yerinə yetirə bildik. SOCAR olaraq ölkə xaricində ilk dəfə bu cür mürəkkəb layihəni idarə etməyimizə baxmayaraq, tikinti işlərini yüksək səmərə ilə tamamlamağı bacardıq.

Layihəni qiymətləndirən Beynəlxalq məsləhətçi şirkətlərin proqnozlaşdırdığı qiymətdən daha aşağı qiymətə tikintini başa vurmağa, kəmərin səhmdarları olan Azərbaycan və Türkiyə dövlətlərinin, eləcə də BP-nin vəsaitlərinə qənaət etməyə nail olduq.”

Qeyd edək ki, beynəlxalq məsləhətçi şirkətlər TANAP layihəsinin xərclərini 11,7 milyard ABŞ dolları həcmində proqnozlaşdırsalar da, səmərəli idarəetmə nəticəsində xərclər 6,5 milyard ABŞ dollarına qədər endirilmiş və ümumi xərclərin 45 faizinə qənaət edilmişdir. TANAP üzrə bütün işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdıran SOCAR xərclərə qənaət etməklə başda Azərbaycan və Türkiyə olmaqla kəmərin səhmdarlarına 5,2 milyard dollar qazandırmışdır.

3,3 MİLYARD KUBMETR QAZ NƏQL OLUNDU

Ticarət əməliyyatları çərçivəsində 25 noyabr 2019-cu il tarixinə qədər TANAP vasitəsi ilə Türkiyəyə 3,3 milyard kubmetr qaz nəql edilib. 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayının sonuna qədər BOTAŞ-ın sisteminə ümumilikdə 4 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulur. 2020-ci ilin iyun ayının sonundan etibarən isə Türkiyə TANAP vasitəsi ilə ildə 6 milyard kubmetr təbii qaz almağa başlayacaq. Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına da çıxarılacaq və nəqliyyat həcmi 16 milyard kubmetrə çatdırılacaq. Bunun 10 milyard kubmetri 2020-ci ildən etibarən Avropaya ixrac ediləcək. TANAP-ın təbii qaz nəql etmə gücü əlavə investisiyalar nəticəsində 31 milyard kubmetrə yüksəldilə biləcək.

TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 12 iyun 2018-ci ildə beynəlxalq mərasimlə həyata keçirilmiş və 30 iyun 2018-ci il tarixindən etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlamışdı. Boru kəmərinin Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki Avropaya birləşmə nöqtəsi arasında olan hissəsində mexaniki tamamlanma işləri 2018-ci ilin sonunda başa çatmış, 2019-cu ilin aprelində isə kəmərin doldurulmasına və sınaq məqsədilə qaz vurulmasına başlanmışdır. 1 iyul 2019-cu il tarixindən etibarən Avropaya qaz axını üçün tam hazır vəziyyətə gətirilən TANAP, tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrə malik beynəlxalq təbii qaz boru kəməri kimi daxil olmuşdur.

TANAP RƏQƏMLƏRDƏ:

• Cəmi uzunluğu 1.850 kilometr;

• Boru kəmərinin 30%-dən çox hissəsi dəniz səviyyəsindən 2 000 metr yuxarıda inşa edilmişdir;

• Layihə müddətində 135.332 ana xətt borusunun qaynağı yerinə yetirilmişdir;

• Layihə çərçivəsində 114.690.031 adam/saat əmək sərf edilimiş, xəttin keçdiyi ən yüksək nöqtə 2.760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağı olmuşdur;

• Tikinti işləri çərçivəsində 50.633.382 kubmetrlik qazıntı işi və 7.000-ə yaxın xüsusi keçid tikilmişdir;

• Layihənin pik dövründə 13.000 adamın çalışdığı TANAP-da kommersiya qaz axınına 30 iyun 2018-ci il tarixindən başlamışdır;

• Türkiyədə özəl sektor tərəfindən icra edilən ən böyük sosial və ətraf mühit investisiya proqramlarından biri olan Sosial və Ətraf Mühit İnvestisiya Proqramı (SEIP) vasitəsilə TANAP marşrutu boyunca yerləşən rayon, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafı sürətləndirmə və təbiətin mühafizəsi məqsədilə minə yaxın layihə həyata keçirilmişdir.